BAKI, 4 iyun. TELEQRAF

Böyük Britaniya parlamentinin İcmalar Palatasının hakim Leyboristlər Partiyasından olan deputatı Cess Asato süni intellekt vasitəsilə intim görüntülərin yaradılmasına imkan verən "Grok" çat-botuna görə İlon Maskın "xAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

Teleqraf xəbər verir ki, deputat bildirib ki, "Grok"un qadınların və uşaqların geyimlərinin süni intellekt vasitəsilə çıxarılmasına imkan verməsi təsadüfi hal deyil.

""Grok"a qadınları və uşaqları soyundurma qabiliyyətinin verilməsi təsadüf deyildi. Təhlükəsizlik mexanizmləri çat-bota inteqrasiya oluna bilərdi, lakin onun yaradıcıları bunu etməməyi seçdilər. Bu hərəkətlərə görə məsuliyyətin müəyyənləşdirilməsi məqsədilə İngiltərə və Uelsin Ali Məhkəməsinə şikayət təqdim edirəm", - Asato "X" sosial şəbəkəsində yazıb.

Məlumata görə, daha əvvəl platformada "Grok" vasitəsilə yaradılmış və deputatı bikinidə əks etdirən görüntülər yayılıb.

Böyük Britaniyanın media tənzimləyicisi Ofcom yanvar ayında "Grok"un yaratdığı şəkillərlə bağlı "X" platformasına qarşı araşdırmaya başlayıb. Çat-bot İlon Maskın sahibi olduğu "xAI" şirkəti tərəfindən hazırlanıb.

Daha sonra Böyük Britaniyanın elm, innovasiya və texnologiyalar naziri Liz Kendall bildirib ki, hökumət şəxslərin razılığı olmadan intim görüntülərin yaradılmasına görə cinayət məsuliyyəti tətbiq edəcək. 2025-ci ilin iyununda qəbul edilən müvafiq qanun bu ilin fevralında qüvvəyə minib.

Baş nazir Kir Starmer isə "X" sosial şəbəkəsinin istifadəçilərin razılığı olmadan süni intellekt əsasında intim görüntülərin yaradılmasını qadağan edən Britaniya qanunvericiliyinə əməl etməyə razılaşdığını açıqlayıb.