BAKI, 4 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan atəşkəs rejimindən yalnız amerikalı hərbçilərin həlak olması halında imtina etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Tramp köməkçiləri ilə qapalı görüşlərdə bu məsələ ilə bağlı əsas “qırmızı xətt”ini müəyyən edib.

“Prezident Tramp bildirib ki, əgər Tehran ABŞ hərbçilərini öldürərsə, İranla atəşkəs rejiminin dayandırılması məsələsinə baxmağa hazırdır”, - nəşr yazıb.

Məlumata görə, Ağ ev rəhbəri kiçikmiqyaslı gərginlik və ya lokal insidentlərin həftələrlə, hətta aylarla davam etməsinə dözümlü yanaşa bilər.

Nəşrin həmsöhbətləri bildiriblər ki, ABŞ administrasiyası Yaxın Şərqdə genişmiqyaslı müharibənin başlamasının qarşısını almağa çalışır və buna görə də gərginliyin tam nəzarətdən çıxmamasına üstünlük verir.

Qeyd edək ki, Donald Tramp bundan əvvəl İranla aparılan danışıqların “çox yaxşı getdiyini” bəyan etmişdi.