BAKI, 4 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkədə kömür energetikasının inkişafı üçün təxminən 700 milyon dollar vəsait ayırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp iyunun 4-də yeni kömür elektrik stansiyalarının və ixrac terminalının tikintisinə maliyyə ayrılması ilə bağlı qərarı açıqlamağa hazırlaşır.

Bildirilir ki, ABŞ administrasiyası 1950-ci il tarixli Müdafiə İstehsalı haqqında Qanundan istifadə edərək ölkədə fəaliyyət göstərən 13 kömür elektrik stansiyasının maliyyələşdirilməsinə 425 milyon dollar yönəltmək istəyir.

Bununla yanaşı, Kaliforniya ştatında yeni ixrac terminalının tikintisinə təxminən 75 milyon dollar ayrılması nəzərdə tutulur.

Mənbələrin məlumatına əsasən, Alyaska və Qərbi Virciniya ştatlarında iki yeni kömür elektrik stansiyasının inşası, həmçinin Merilend ştatında fəaliyyətini dayandırmış elektrik stansiyasının yenidən işə salınması üçün də qrantların ayrılması planlaşdırılır.

Xatırladaq ki, Donald Tramp 2025-ci ilin fevralında ABŞ-ın enerji üstünlüyünü təmin etmək məqsədilə Milli Enerji Dominantlığı Şurasının yaradılması barədə fərman imzalamışdı. Həmin ilin iyulunda isə günəş və külək energetikasına dövlət subsidiyalarının dayandırılmasını nəzərdə tutan qərar qəbul etmişdi.

ABŞ administrasiyası hesab edir ki, “yaşıl enerji” sahəsinə verilən subsidiyalar ölkəni dost olmayan dövlətlərin təchizat zəncirlərindən asılı vəziyyətə salır və bu, milli təhlükəsizlik üçün risk yaradır.