BAKI, 16 noyabr. TELEQRAF
Qazaxıstanda alimlərin və elmi işçilərin hüquqlarının müdafiəsi üzrə müvəkkil (ombudsman) institutu yaradılır.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti Axılbek Kurişbayev məlumat verib.
Ombudsman tədqiqatçıların müraciətlərini qəbul edəcək, peşə fəaliyyəti ilə bağlı mübahisələrin həllinə kömək göstərəcək və elmi ictimaiyyətin qanuni maraqlarını müdafiə edəcək.
Elm adamlarının hüquqlarının qorunması üçün hüquqi əsas 2026-cı ilin yayında elm haqqında qanunvericiliyə edilən dəyişikliklərlə müəyyənləşdirilib. Sənəddə alimlərin və elmi işçilərin hüquqlarının müdafiəsi üzrə müvəkkil institutunun yaradılması nəzərdə tutulur. Ombudsman Qazaxıstan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərəcək.
Axılbek Kurişbayevin sözlərinə görə, ölkədə 28 mindən çox alim fəaliyyət göstərir. Gənc tədqiqatçılar elmi kadrların ümumi sayının 48 faizini təşkil edir.