BAKI, 13 noyabr. TELEQRAF
“İspaniya Vaşinqtondan, Moskvadan, Buenos-Ayresdən və ya Təl-Əvivdən yox, məhz İspaniyadan idarə olunur”.
Teleqraf xəbər verir ki, bunu İspaniya Baş naziri Pedro Sançes seçiciləri ilə görüşdə deyib.
O bildirib ki, ispanlar ölkələrinin beynəlxalq ultrasağçı təşkilatların arxa bağçasına çevrilməsinə imkan verməyəcəklər.
Sançes qeyd edib ki, ABŞ-də Donald Tramp, Braziliyada Jair Bolsonaro və Argentinada Xavyer Miley kimi sağçı liderlər uğursuzluğa düçar olublar:
“Tramp ABŞ-də alternativ idimi, yoxsa hökumət dəyişikliyi adı altında geriyə addım? Bəs Braziliyada Bolsonaro? O, alternativ idi, yoxsa geriyə addım? Bəs Argentinadakı dostumuz Miley? Onlar ixtisarlardan, daha çox ixtisarlardan və yenə də ixtisarlardan danışmağa davam etdikcə, biz daha dörd il ölkəni idarə edə bilmək üçün səs verəcəyik.
Seçkilərdə səs verməyə gedəndə açıq şəkildə bəyan edəcəyik ki, İspaniya Vaşinqtondan, Moskvadan, Buenos-Ayresdən və ya Təl-Əvivdən yox, məhz İspaniyadan idarə olunur. Ölkəmizin hansısa beynəlxalq ultrasağçı təşkilatın arxa bağçasına çevrilməsinə imkan verməyəcəyik. Bura suveren dövlətdir və noyabrın 29-dan sonra da belə qalacaq”.
İspaniya Baş naziri vətəndaşları noyabrın 29-da keçiriləcək seçkilərdə iştirak etməyə və “Mühafizəkarlar” partiyasının sədri Alberto Nunyes Feyxo ilə ifrat sağçı “Vox” partiyasının sədri Santyaqo Abaskalı məğlub etməyə çağırıb.
Xatırladaq ki, İspaniyada noyabrın 29-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Pedro Sançes növbədənkənar seçkilərin təyin edilməsi qərarını mənzil böhranı ilə əlaqədar keçirilən kütləvi etiraz aksiyaları fonunda qəbul edib.
Mənzil böhranına etiraz olaraq İspaniyanın müxtəlif şəhərlərində on minlərlə insan küçələrə çıxıb. Aksiya iştirakçıları İspaniya hökumətinin istefasını tələb edərək, ümummilli tətilə çağırıblar.