BAKI, 8 noyabr. TELEQRAF
“8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində yalnız hərbi qələbənin deyil, dövlətçilik iradəsinin, milli gücün və uzunmüddətli strategiyanın təntənəsidir. Altı il əvvəl qazanılmış tarixi Zəfər bir daha sübut etdi ki, dövlətlərin taleyini təkcə hərbi qüdrət deyil, həmin qüdrəti formalaşdıran siyasi iradə, iqtisadi potensial və strateji uzaqgörənlik müəyyən edir. 2020-ci ilin 44 günlük Vətən müharibəsini yalnız döyüş meydanında baş verən hadisələr çərçivəsində qiymətləndirmək onun tarixi əhəmiyyətini məhdudlaşdırmaq olardı. Əslində, bu Zəfərin əsası uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasəti ilə qoyulmuşdu”.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, təxminən 30 il ərzində Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı faktı ilə üz-üzə qalmışdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməməsi beynəlxalq hüququn tətbiqindəki ciddi boşluqları nümayiş etdirirdi. Bu vəziyyət bir mühüm həqiqəti ortaya qoyurdu: dövlətin suveren hüquqlarının müdafiəsində beynəlxalq dəstək nə qədər əhəmiyyətli olsa da, həlledici amil onun öz imkanlarıdır. Azərbaycan məhz bu reallıqdan çıxış edərək iqtisadi potensialını gücləndirdi, siyasi sabitliyi təmin etdi, beynəlxalq tərəfdaşlıqlarını genişləndirdi və Silahlı Qüvvələrinin modernləşdirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi.
Deputat bildirib ki, güclü ordunun yaradılması yalnız hərbi xərclərin artırılması demək deyildi:
“Müasir müdafiə sisteminin qurulması iqtisadi dayanıqlılıq, texnoloji imkanlar, peşəkar kadr hazırlığı və səmərəli idarəetmə tələb edirdi. Bu baxımdan Azərbaycanın iqtisadi inkişafı ilə hərbi potensialının yüksəldilməsi bir-birindən ayrılmaz proseslər idi. Vətən müharibəsi Azərbaycan Ordusunun yalnız hərbi gücünü deyil, müasir döyüş konsepsiyalarına uyğunlaşmaq və mürəkkəb əməliyyatları həyata keçirmək bacarığını da nümayiş etdirdi. Pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli silahların, kəşfiyyat vasitələrinin və çevik hərbi bölmələrin koordinasiyalı fəaliyyəti müharibənin gedişində mühüm üstünlüklər yaratdı. Onilliklər ərzində qurulmuş müdafiə xətlərinin qısa müddətdə yarılması hərbi planlaşdırmanın və əməliyyat idarəçiliyinin yüksək səviyyəsini göstərdi. Lakin Azərbaycan Ordusunun uğurunu yalnız texnoloji üstünlüklə izah etmək mümkün deyil. Xüsusilə Şuşanın azad edilməsi göstərdi ki, döyüşün taleyini bəzən ən müasir silahlar deyil, insanın iradəsi, peşəkarlığı və mənəvi gücü həll edir. Azərbaycan hərbçilərinin mürəkkəb dağlıq relyefdə, çətin şəraitdə nümayiş etdirdikləri qəhrəmanlıq hərb tariximizə yeni səhifə yazdı. Bu Zəfərin arxasında şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz inamı dayanır”.

Millət vəkilinin fikrincə, tarixi qələbələr təsadüfən qazanılmır. Onların arxasında hadisələri qabaqlamaq bacarığı, uzunmüddətli siyasi iradə və həlledici məqamda məsuliyyətli qərarlar qəbul etmək qabiliyyəti dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm xüsusiyyəti məhz strateji səbir və qətiyyətin vəhdəti idi. Ərazi bütövlüyünün bərpası illərlə dövlət siyasətinin mərkəzində saxlanıldı, bütün zəruri imkanlar formalaşdırıldı və tarixi şərait yetişdikdə həmin potensial konkret nəticəyə çevrildi. 44 günlük müharibə dövründə Prezident İlham Əliyev həm Müzəffər Ali Baş Komandan, həm də Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini müdafiə edən siyasi lider kimi fəaliyyət göstərdi. Onun xarici mediaya müsahibələri, diplomatik təzyiqlər qarşısında nümayiş etdirdiyi prinsipiallıq və xalqa müraciətləri hərbi uğurları siyasi nəticələrlə möhkəmləndirən mühüm amillər idi. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi barədə verilən tarixi xəbər xalqımızın yaddaşına əbədi həkk olundu. Bu, təkcə mühüm strateji şəhərin azadlığı deyil, onilliklər boyunca yaşadılan milli arzunun reallığa çevrilməsi idi.
“Zəfərin əsas dərsi bundan ibarətdir: milli maraqların müdafiəsi üçün güclü dövlət institutları, dayanıqlı iqtisadiyyat, müasir ordu və qətiyyətli siyasi liderlik bir-birini tamamlamalıdır. Azərbaycan bu tarixi sınaqdan qalib çıxdı. Çünki hərbi qüdrət, siyasi iradə, iqtisadi imkanlar və ümummilli birlik eyni strateji məqsədə xidmət edirdi. 2020-ci ilin Zəfəri 44 gün ərzində qazanıldı. Lakin həmin 44 günün arxasında onilliklərin zəhməti, hazırlığı və milli iradəsi dayanırdı” – deyə Sevinc Fətəliyeva qeyd edib.
Milli Məclisin deputatı Vasif Qafarov isə bildirib ki, 2020-ci il noyabrın 8-də Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birini yazdı:
"Müzəffər Ordumuzun qəhrəman əsgər və zabitləri misilsiz igidlik göstərərək strateji və mənəvi baxımdan müstəsna əhəmiyyət daşıyan Şuşa şəhərini işğaldan azad etdilər. Mürəkkəb relyef şəraitində, sıldırım qayalardan və dərin dərələrdən keçərək həyata keçirilən bu hərbi əməliyyat Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin həlledici mərhələsi və onun zirvəsi oldu. Bu qələbə, eyni zamanda, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü iqtisadiyyatın, müasir ordunun və xalqın milli birliyinin məntiqi nəticəsi idi.
Şuşanın azad edilməsi Prezident İlham Əliyevin müharibənin ilk günlərindən müəyyənləşdirdiyi strateji məqsədin reallaşması idi. Dövlət başçısı dəfələrlə Şuşasız qələbənin tam olmayacağını bəyan etmişdi. Noyabrın 8-də bu hədəfə nail olunması Azərbaycan xalqının milli iradəsinin və ordumuzun döyüş qüdrətinin təntənəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşanın azad edildiyini böyük qürur hissi ilə bəyan etdi. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu.
Şuşanın azad edilməsi ilə əldə olunan tarixi nəticə 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərpası ilə yeni mərhələyə qədəm qoydu. Sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda separatçı rejimin mövcudluğuna son qoyuldu. 2020-ci ildə başlanan Zəfər prosesi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə başa çatdı.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 8 Noyabr – Şuşa şəhəri Gününün təsis edilməsi bu tarixi hadisənin milli yaddaşda yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Şuşa Azərbaycan xalqının tarixində yalnız coğrafi məkan deyil, milli kimliyimizin, mənəvi dəyərlərimizin və zəngin mədəni irsimizin ayrılmaz hissəsidir. Əsrlər boyu Azərbaycanın musiqi, ədəbiyyat və incəsənət beşiyi kimi tanınan bu şəhər görkəmli dövlət və mədəniyyət xadimlərinin yetişdiyi mühüm mərkəz olub.
Ulu Öndər Heydər Əliyevin 1977-ci ildə Şuşanın tarixi hissəsinin tarix-memarlıq qoruğu elan olunması ilə bağlı qərarı şəhərin milli-mədəni irsinin qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin mühüm nümunəsi idi. Bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin il mayın 31-də qəbul edilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun isə şəhərin qorunması, bərpası, öyrənilməsi və inkişafının hüquqi əsaslarını müəyyənləşdirdi. 2022-ci ilin “Şuşa İli” elan olunması bu istiqamətdə həyata keçirilən tədbirlərə əlavə təkan verdi".

Deputat qeyd edib ki, Şuşanın beynəlxalq mədəni nüfuzunun yüksəlməsi də azadlıqdan sonrakı dövrün mühüm nəticələrindəndir:
"2022-ci ildə TÜRKSOY tərəfindən 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı, 2023-cü ildə İslam dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı, həmin ilin oktyabrında isə İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən 2026-cı il üçün turizm paytaxtı elan edilməsi Şuşanın beynəlxalq miqyasda artan əhəmiyyətini göstərir. 2024-cü ildə Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü və imzalanan Qarabağ Bəyannaməsi də şəhərin siyasi və diplomatik tədbirlər üçün əhəmiyyətli məkana çevrildiyini nümayiş etdirir.
Şuşanın azad edilməsindən sonra həyata keçirilən bərpa-quruculuq işləri şəhərin tarixi simasının qorunması ilə müasir inkişaf tələblərinin uzlaşdırılmasına əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə nəqliyyat, enerji, sosial və kommunal infrastrukturun qurulması istiqamətində ardıcıl layihələr reallaşdırılır. Şuşaya aparan 101 kilometrlik Zəfər Yolunun inşası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, tarixi abidələrin bərpasına, mədəni irsin qorunmasına və yaşayış məhəllələrinin yenidən qurulmasına xüsusi diqqət yetirilir. İşğal dövründə dağıdılmış və zədələnmiş tarixi-mədəni abidələrin bərpası, Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın güllələnmiş büstlərinin əvvəlki yerlərinə qaytarılması milli yaddaşın bərpası baxımından rəmzi məna daşıyır. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, məscidlərin və digər tarixi tikililərin bərpası şəhərin mədəni simasının yenidən canlandırılmasına xidmət edir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və Vaqif Poeziya Günlərinin yenidən Şuşada keçirilməsi isə onun əvvəlki mədəni həyatının bərpasını təmin edir.
Şuşanın gələcək inkişafı da uzunmüddətli planlaşdırma əsasında həyata keçirilir. Nazirlər Kabinetinin 2024-cü il 21 oktyabr tarixli qərarı ilə təsdiqlənən “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” şəhərin dayanıqlı inkişafının əsas istiqamətlərini müəyyən edir. Sənəddə tarixi-memarlıq mühitinin qorunması, təbii landşaftın mühafizəsi, yaşayış və sosial infrastrukturun inkişafı, nəqliyyat sisteminin müasir tələblərə uyğun qurulması nəzərdə tutulur".
Vasif Qafarov Böyük Qayıdış prosesinin də Şuşanın dirçəlişinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb:
"2024-cü ildə şəhərin ilk yaşayış kompleksinin istifadəyə verilməsi və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının başlanması bu prosesdə yeni mərhələ açdı. İndiyədək Şuşa şəhərində, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində ümumilikdə 420 ailə, 1579 nəfər məskunlaşıb. Bu göstəricilər azad edilmiş ərazilərdə həyatın bərpasının real nəticələrini əks etdirir.
8 Noyabr – Şuşa şəhəri Günü yalnız hərbi qələbənin ildönümü deyil, həm də milli iradənin, dövlətçilik ənənələrinin və tarixi ədalətin təntənəsidir. Şuşanın azad edilməsi Azərbaycan xalqının öz tarixinə, milli kimliyinə və dövlətinə bağlılığını bütün dünyaya nümayiş etdirdi. Bu Şuşada aparılan bərpa-quruculuq işləri, doğma sakinlərin qayıdışı və mədəni həyatın canlanması həmin Zəfərin davamlı nəticələrini ortaya qoyur. Şuşa artıq yalnız keçmişin şöhrətini yaşadan tarixi şəhər deyil, həm də müasir Azərbaycanın inkişafını, milli birliyini və gələcəyə inamını təcəssüm etdirən məkandır. Onun azadlığı ilə başlayan yeni tarix dövlətimizin gücünün, xalqımızın sarsılmaz iradəsinin və Böyük Qayıdışın rəmzi kimi gələcək nəsillərin yaddaşında yaşayacaq".