BAKI, 13 avqust. TELEQRAF
“Ukrayna hakimiyyəti qadınların və çoxuşaqlı ataların mümkün səfərbərliyinə ictimai reaksiyanı qiymətləndirir”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Dmitri Razumkov deyib.
“Son zamanlar qadınların və üç və ya daha çox uşağı olan valideynlərin səfərbər edilməsi ilə bağlı çox söz-söhbət gəzir, fikirlər səsləndirilir. Səfərbərlik yaşının azaldılması ilə bağlı da xəbərlər var. İnanmıram ki, belə şeylər təsadüfən baş versin. Bu, cəmiyyət üçün daha bir sınaqdır - insanların necə reaksiya verəcəyi və nə qədər irəli gedə biləcəkləri ilə bağlı sınağa çəkilir”, - deputat bildirib.
Razumkovun sözlərinə görə, bu cür təcrübələr bu gün çox təhlükəlidir, çoxuşaqlı ata səfərbər olunarsa, ailəsini təmin edə bilməyəcək. Deputat qeyd edib ki, qadınların səfərbər edilməsi barədə söhbətlər isə onları imkanları olduğu müddətdə uşaqları ilə birlikdə ölkəni tərk etməyə təşviq edəcək.
Deputat bu cür təşəbbüslərin Radaya təqdim ediləcəyi təqdirdə qarşısını almaq üçün əlindən gələni edəcəyinə söz verib.