BAKI, 3 fevral. TELEQRAF
Norveç parlamentinin üzvlərinin 83 faizdən çoxu amerikalı maliyyəçi Ceffri Epşteynlə kral ailəsinin əlaqələrinə dair araşdırmalar fonunda ölkədə monarxiyanın saxlanılmasını dəstəkləyib.
Teleqraf xəbər verir ki, 169 parlament üzvündən 141-i monarxiyanın saxlanılmasını dəstəkləyib, 26 parlament üzvü isə gələcəkdə Kral V Harald və varislərinin hakimiyyətinin dayandırılmasını müdafiə edib.
Monarxiyanı dəstəkləyənlər hesab edirlər ki, partiya sistemindən kənarda qalan monarxiya ölkəyə sabitlik gətirir. Əks tərəf isə iddia edir ki, siyasi hakimiyyət artıq uzun müddətdir parlamentin əlindədir və monarxiya demokratik cəmiyyətlərdə yeri olmayan qurumdur.
KİV-in məlumatına görə, Norveç şahzadəsi Mette Maritin adı “Epşteyn işi” ilə bağlı sənədlərdə 1000 dəfədən çox çəkilir. ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan yeni sənədlərdə Mette Maritlə Epşteyn arasındakı münasibətlərin təfərrüatları yer alıb. Bundan sonra Norveçdə keçirilən sorğunun nəticələri göstərib ki, respondentlərin 47,6 faizi şahzadənin gələcəkdə kraliça olmasına qarşıdır.