BAKI, 20 may. TELEQRAF

“ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə söhbəti bir daha göstərdi ki, ikincisi vaxt udmağa çalışır və sülhə can atmır”.

Teleqraf xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

“Dünənki söhbətlə bağlı Rusiyadan verilən bəyanatlar bir daha təsdiqlədi ki, hələlik bəyan edilən niyyətlərə dair heç bir sübut yoxdur. Putin hələlik heç bir güzəştə getməyə hazır deyil, yalnız öz məlum şərtləri ilə, məsələn, Ukraynanın NATO-ya üzvlüyünün mümkünsüzlüyü, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması və sair kimi şərtlərlə atəşkəsdən danışır. Bu, açıq oyundur, Vladimir Putin hələ də zamanla oynayır, bu, çox aydın görünür”, - nazir bildirib.

Pistorius əlavə edib ki, Rusiya sülh sazişi üzrə danışıqlara hazır olduğunu bəyan eləsə də, hələlik atəşkəs və vaxt qrafiki yoxdur:

“Təəssüflə qeyd etmək lazımdır ki, Putin hələ də sülhə, atəşkəsə, ən azı başqaları üçün məqbul şərtlərə ciddi maraq göstərmir. Hər şey Vladimir Putindən asılıdır, o, bir sadə əmrlə bu müharibəni bitirə və ya heç olmasa atəşkəs razılaşmalarına nail olmaq üçün onu dayandıra bilər”.