BAKI, 17 aprel. TELEQRAF

"ABŞ Prezidenti Donald Trampın Ukraynaya kütləvi hava zərbələrinə görə birbaşa rusiyalı həmkarı Vladimir Putini günahlandırmaqdan imtina etməsi demokratik ölkələri ruhdan salır".

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şapps Rusiyanın Sumı vilayətinə 30-dan çox dinc sakinin ölümü ilə nəticələnən raket zərbələrinə ABŞ prezidentinin birmənalı qarşılanmayan reaksiyasını şərh edərkən deyib.

“İyrənirəm. Azad dünyanın liderinin öz rəqiblərini həbs edib öldürən, günahsız demokratik ölkələrə təcavüz edən diktatorla işğal olunan ölkəni ayırd edə bilməməsinə görə...”, - sabiq nazir bildirib.

Şapps qeyd edib ki, belə bir aydınlaşdırmanın olmaması demokratik dünyanın qalan hissəsini tamamilə ruhdan salır.

Keçmiş müdafiə naziri həmçinin Trampın müharibəni dayandıracağına dair vədinin Putini sakitləşdirmək cəhdi olduğunu söyləyərək, onu Çinin Tayvanı işğal etməsi ehtimalını artırmaqda ittiham edib.

Xatırladaq ki, Rusiyanın aprelin 13-də həyata keçirdiyi hava hücumları zamanı 30-dan çox dinc sakin həlak olub, 40-dan çox insan yaralanıb. Donald Tramp bundan sonra ad çəkmədən bombardmanlardan xoşu gəlmədiyini bildirmiş, açıq şəkildə Rusiyanı günahlandırmaqdan çəkinmişdi. Amerika prezidentinin açıqlaması Ukrayna və Avropa ölkələrində birmənalı qarşılanmayıb.