BAKI, 19 noyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev noyabrın 19-da Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf xəbər verir ki, söhbət zamanı Özbəkistan və Türkiyə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, xüsusilə ticarət-iqtisadiyyat, investisiya, sənaye, kənd təsərrüfatı, tikinti, informasiya texnologiyaları, turizm, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Son illərdə ikitərəfli əlaqələrin yüksək templə inkişaf etdiyi, qarşılıqlı ticarət dövriyyəsinin və birgə müəssisələrin sayının davamlı artdığı məmnunluqla qeyd edilib.
Görüşdə əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsi və qarşıdakı mühüm tədbirlərə hərtərəfli hazırlıq məsələləri ətrafında da geniş fikir mübadiləsi aparılıb.