BAKI, 20 noyabr. TELEQRAF
Qırğızıstanda ictimai yerlərdə üzü tamamilə örtməyə görə cəzanın yüngülləşdirilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, hazırda qüvvədə olan 20 min som məbləğində cərimənin əvəzinə, ilk pozuntuya görə yazılı xəbərdarlıq edilməsi təklif edilir, bir il ərzində qayda təkrar pozularsa, cərimə tətbiq ediləcək.
Qırğızıstan parlamentinin (Joqorku Keneş) bir qrup deputatı ölkənin Xətalar Məcəlləsinə müvafiq dəyişiklik təklifi irəli sürüb.
Məcəllənin hazırda qüvvədə olan 127-1-ci maddəsinə əsasən, dövlət qurumlarında və ictimai yerlərdə üzün tamamilə örtülməsinə görə 20 min som məbləğində cərimə nəzərdə tutulur.
Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu məbləğ xüsusilə aztəminatlı vətəndaşlar üçün həddindən artıq maliyyə yüküdür. Onların fikrincə, məsuliyyət pozuntunun xarakterinə uyğun olmalı, qanunun profilaktik təsiri isə yalnız cərimənin məbləğindən deyil, həm də onun ardıcıl tətbiqindən asılı olmalıdır.
Təklifə əsasən, ilk pozuntu zamanı yazılı xəbərdarlıq ediləcək. Xəbərdarlıqdan sonra bir il ərzində qayda təkrar pozularsa, şəxs cərimə olunacaq.
Qanun layihəsinin əsaslandırıcı sənədində Qırğızıstana üzün örtülməsinin dini-mədəni ənənə olduğu ölkələrdən turistlərin gəldiyi də qeyd olunur. Layihə müəlliflərinin fikrincə, maliyyə sanksiyalarının yüngülləşdirilməsi xarici qonaqlar üçün həddindən artıq ağır nəticələrin qarşısını almağa imkan verəcək. Bununla belə, onlar ölkə qanunvericiliyinə riayət etmək öhdəliyindən azad edilməyəcəklər.