BAKI, 13 mart. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə “Rəqəmsal Qazaxıstan” layihəsinin həyata keçirilməsi ilə bağlı işçi görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.
Kasım-Jomart Tokayev “Süni İntellekt və Rəqəmsallaşma İli” çərçivəsində dövlət strukturlarının geniş şəkildə işləməsinin vacibliyinə diqqət çəkib. Bu layihədə əsas məqsəd ölkədə bütün sahələrdə qabaqcıl texnologiya və süni intellektin kütləvi şəkildə tətbiqidir.
“İlk növbədə, əlverişli institusional, hüquqi və biznes mühiti yaratmaq lazımdır. Qazaxıstan rahat və qabaqcıl rəqəmsal tənzimləmə sistemini tətbiq edən ölkələrdəndir. Bu işə ilk başlayanlardan biriyik. Artıq ölkəmizdə Rəqəmsal Məcəllə qəbul edilib. Süni intellekt haqqında xüsusi qanun qüvvəyə minib. Amma bu, genişmiqyaslı işin yalnız başlanğıcıdır, bununla kifayətlənməməliyik.
Dünyada baş verən dəyişikliklərin tempi çox yüksəkdir. Elm, təhsil, texnologiya çox yüksək sürətlə inkişaf edir. Buna görə də tənzimləyici sənədlər də vaxtında yenilənməlidir. Bir sözlə, dövrümüzdə hər bir vətəndaş üçün başadüşülən və aydın olan “Rəqəmsal Dövlət” konsepsiyasını formalaşdırmaq lazımdır, yəni “Rəqəmsal Qazaxıstan” strategiyası vətəndaşlar və biznesin konkret tələbləri və istəklərini nəzərə almalıdır”, - dövlət başçısı bildirib.