BAKI, 16 yanvar. TELEQRAF
Qırğızıstan hakimiyyəti televiziya kanallarından qanunvericiliyin tələblərinə uyğun olaraq efir yayımında milli dildə olan payı 60 faizə çatdırmağı tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Marat Taqayev məlumat verib.
Onun sözlərinə görə, bəzi özəl kanallar tələblərə formal əməl etmək üçün qırğız dilində 10 il əvvəl hazırlanmış proqramları təkrar-təkrar yayımlayır və yerli kontent yaratmırlar:
“Biz özəl telekanalların inkişafı və onların öz strategiyalarına mane olmuruq. Amma hüquqi tələblərə, xüsusilə qırğız dili ilə bağlı normalara ciddi şəkildə əməl edilməlidir. Media bazarındakı vəziyyətlə tanışam, amma tamaşaçıların hüquqlarını qorumağa borcluyuq”.
O qeyd edib ki, telekanallara “Kyrgyzfilm” və “Kyrgyzserial” kolleksiyalarından 400-dən çox film, 40 cizgi filmi və 10 serial pulsuz təqdim olunub. Telekanallar fevralın sonunadək bu qurumlarla müqavilə bağlayaraq qırğız dilində kontent təqdim etməlidirlər. Əks halda, nazir müavininin sözlərinə görə, hakimiyyət ilin sonunadək belə özəl telekanallara qarşı tədbirlər görəcək.
“Azattyk” radiosu hesab edir ki, bununla Qırğızıstanda televiziya kanallarında məzmunların 40 faizindən çoxunu rus dilində yayımlaq qadağan edilir.
Televiziya yayımında dövlət dilinin istifadəsi haqqında qanuna dəyişikliklər ötən ilin avqustunda qəbul edilib. Əvvəllər telekanallar efir vaxtının 50 faizini qırğız dilində kontentlə doldurmalı idi. Hazırda Qırğızıstanda 42 telekanal fəaliyyət göstərir; onlardan ikisi (NTRK və ELTR) rəsmi olaraq dövlət tərəfindən maliyyələşdirilir. Dövlət büdcəsindən həmçinin Rusiyanın “Mir” dövlətlərarası televiziya-radio şirkətinin fəaliyyəti maliyyələşdirilir. Büdcə haqqında qanuna əsasən, ölkənin televiziya-radio yayımına dövlət xərcləri 2026-cı ildə 1,67 milyard soma (19,1 milyon dollar) qədər artırılacaq ki, bu da illik 164,2 milyon som (1,9 milyon dollar) artım deməkdir.
Rusiyanın “Birinci Kanal”, “Rossiya 24”, “Kultura” və “Zvezda” telekanalları, eləcə də kremlyönlü təbliğat vasitələri hesab olunan onlarla digər kanal Qırğızıstanda digər xarici media qurumlarına nisbətən daha geniş təmsil olunur.