BAKI, 27 dekabr. TELEQRAF
“Özbəkistan heç vaxt açıqlıq siyasətindən geri çəkilməyəcəyik, söz və mətbuat azadlığının təmin edilməsi bizim prioritetimiz olub və olacaq”.
Teleqraf xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev parlament və xalqa müraciətində deyib.
“Bunu bir daha açıq demək istəyirəm: qoy hamı həm sağ, həm də sol qulağı ilə eşitsin, ölkəmizdə genişmiqyaslı islahatlar, Yeni Özbəkistan dövründə biz heç vaxt açıqlıq siyasətindən geri çəkilməyəcəyik. Bu, birinci məsələdir. Söz və mətbuat azadlığının təmin edilməsi bizim prioritetimiz olub və olacaq. Bunu hamı bilməlidir”, - dövlət başçısı vurğulayıb.
Şavkat Mirziyoyev vətəndaş cəmiyyətinin inkişafı üçün beş illik strategiyanın hazırlandığını qeyd edib:
“İslahatların effektivliyinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının rolu vacibdir. Buna görə də, onları dəstəkləmək siyasəti gələcəkdə də ardıcıl olaraq davam etdiriləcək. Xüsusilə, vətəndaş cəmiyyətinin inkişafı üçün beş illik strategiya hazırlanacaq. Bu qurumlara sosial sifarişlərin verilməsi sistemi rəqəmsallaşdırılacaq və maliyyələşdirmənin həcmi ikiqat artırılacaq.
Bundan əlavə, xeyriyyə təşkilatlarının yaradılması proseduru sadələşdiriləcək, hesabatlılıq və şəffaflıq mexanizmləri təkmilləşdiriləcək”.