BAKI, 26 dekabr. TELEQRAF

“Özbəkistan son zamanlar qlobal məsələlərin müzakirəsi üçün beynəlxalq platformaya çevrilib. Özbəkistan uzaq və yaxın ölkələrlə əməkdaşlığı genişləndiririr, Şərqlə Qərb, Şimalla Cənub arasında qarşılıqlı faydalı tərəfdaşlıq körpüləri qurur”.

Teleqraf xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.

Dövlət başçısı regional əməkdaşlıqda da mühüm irəliləyişlərin olduğunu qeyd edib.

Ş. Mirziyoyev xatırladıb ki, Daşkənddə keçirilən Regional Dövlət Başçılarının Məşvərət Görüşündə inteqrasiya proseslərini yeni səviyyəsinə qaldırmaq üçün Mərkəzi Asiya Birliyinin strateji formatının yaradılması ideyası irəli sürülüb. Özbəkistan lideri Azərbaycanın Mərkəzi Asiya formatına tamhüquqlu üzv kimi qəbul edilməsi qərarını da xüsusi olaraq təqdir edib. Prezidentin sözlərinə görə, bu addım Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji əlaqə və sabitliyin möhkəmləndirilməsinə xidmət edəcək.

Dövlət başçısı 2025-ci ildə Özbəkistanda keçirilən, həmçinin ölkəsinin iştirakı ilə baş tutmuş digər beynəlxalq tədbirlərə də diqqət çəkib.

“Bütün bunlar beynəlxalq münasibətlərimizi məzmun baxımından yeni səviyyəyə qaldırır. Dünyanın uzaq və yaxın ölkələri, Şərq və Qərb, Şimal və Cənub ilə əməkdaşlıq körpüləri qurmağa davam edəcəyik”, - Mirziyoyev vurğulayıb.