BAKI, 26 dekabr. TELEQRAF

“Özbəkistan beynəlxalq və regional təşkilatlar və aparıcı maliyyə qurumları ilə əməkdaşlığı yeni səviyyəyə qaldırır. Bunlar ölkədə sülh və sabitliyin, millət və dinlərarası dostluq və harmoniyanın möhkəmləndirilməsi və Silahlı Qüvvələrin döyüş potensialının artırılmasını tələb edir”.

Teleqraf xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.

Dövlət başçısı bildirib ki, qarşıdakı dövrdə beynəlxalq və regional təşkilatlar və iqtisadi qurumlarla sıx əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi diqqət yetiriləcək:

“Xüsusilə, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı kimi aparıcı maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində iqtisadiyyatın texnoloji modernləşdirilməsi, infrastrukturun inkişafı və dayanıqlı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi üzrə işlər davam etdiriləcək. Həmçinin, Müstəqil Dövlətlər Birliyi, Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ənənəvi, hərtərəfli tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi planlaşdırılır”.

Şavkat Mirziyoyev qeyd edib ki, bu vəzifələr ölkədə sülh və sabitliyin daha da möhkəmləndirilməsi, millətlər və dinlərarası dostluq və harmoniyanın, Silahlı Qüvvələrin döyüş potensialının artırılmasını tələb edir. Dövlət başçısı bunun üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirib.