BAKI, 19 dekabr. TELEQRAF
Özbəkistan Prezidenti Yaponiyaya rəsmi səfəri çərçivəsində Tokioda İmperator Naruxito ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüş zamanı Yaponiya İmperatoru bu səfərin Özbəkistan-Yaponiya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi yolunda mühüm hadisə olduğunu bildirib.
Tərəflər həmçinin qeyd ediblər ki, özbək və yapon xalqları arasında əhəmiyyətli coğrafi məsafə olmasına baxmayaraq, onları mentalitet, adət-ənənələr və ailə dəyərləri, eləcə də Böyük İpək Yoluna gedib çıxan tarixi əlaqələr birləşdirir.
İkitərəfli əməkdaşlığın, xüsusən də təhsil, təlim və mədəni-humanitar mübadilə sahələrində genişləndirilməsi vurğulanıb.
Görüşün sonunda Prezident Şavkat Mirziyoyev İmperator Naruxitonu Özbəkistana rəsmi səfərə dəvət edib.
Qeyd edək ki, Özbəkistan liderinin səfəri I Mərkəzi Asiya+Yaponiya Zirvəsi ilə əlaqəlidir.