BAKI, 14 oktyabr. TELEQRAF

Qırğızıstanın ABŞ-dəki səfiri Aybək Moldoqaziyev Konqresin nümayəndəsi Bill Huizenqa ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Qırğızıstan və ABŞ arasında parlamentlərarası əməkdaşlığın inkişafı, o cümlədən qarşılıqlı səfərlərin təşkili ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər ticari-iqtisadi və viza siyasətində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriblər.

Aybək Moldoqaziyev konqresmeni Qırğızıstanda vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, qanunun aliliyinin möhkəmləndirilməsi, iqtisadi-ticari və investisiya sahəsində əlaqələrin, logistikanın inkişafı, eləcə də regional təhlükəsizliyin və inteqrasiyanın təmin edilməsinə yönəlmiş həyata keçirilən islahatlar barədə məlumat verib. Bununla əlaqədar, Qırğızıstan tərəfi ikitərəfli əməkdaşlığın cari istiqamətləri üzrə ABŞ Konqresi ilə birbaşa qarşılıqlı fəaliyyətin qurulmasını təklif edib.

Bill Huizenqa parlamentlərarası əlaqələrin gücləndirilməsinə və fəal dialoqun davam etdirilməsinə kömək etməyə hazır olduqlarını bildirib.

Görüşün yekununda tərəflər müzakirə olunan bütün məsələlər üzrə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.