BAKI, 14 oktyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Pakistanın ölkəsindəki səfiri Altamaş Vəzir Xanı etimadnaməsini təqdim etməsi münasibətilə qəbul edib.

Teleqraf xəbər verir ki, dövlət başçısı Qırğızıstanın Pakistanla həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Sadır Japarov Qırğızıstanın Pakistanla ticarət, energetika, sənaye, tibb kimi sahələrdə əməkdaşlıqda, habelə birgə investisiya layihələrinin həyata keçirilməsində maraqlı olduğunu bildirib. O, ölkələr arasında ticari-iqtisadi əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu qeyd edib.

Sadır Japarov əlavə edib ki, Qırğızıstan-Pakistan əməkdaşlığının mühüm istiqamətlərindən biri ölkələrin nəqliyyat və tranzit potensialından səmərəli istifadə edilməsidir. Dövlət başçısı Pakistanla təhsil sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu da bildirib.

Altamaş Vəzir Xan da iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu məmnunluqla söyləyib. Səfir əmin olduğunu bildirib ki, Pakistan və Qırğızıstan arasında ikitərəfli münasibətlər hər iki ölkə rəhbərliyinin birgə səyləri nəticəsində növbəti illərdə yeni impuls alacaq.