BAKI, 8 oktyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yeni fərmanı əsasında 2025-ci ilin noyabrınadək ölkədə 2000-dən çox dövlət məmuru süni intellektin tətbiqi ilə əlaqədar ixtisara salınacaq.
Teleqraf xəbər verir ki, qərar müxtəlif qurumlara şamil ediləcək.
“İqtisadiyyat və Maliyyə Nazirliyi sektorun rəqəmsallaşması ilə əlaqədar 1080 rəhbər vəzifəsini ixtisar edəcək”, - sənəddə deyilir.
Həmin fərmanla ölkənin icra hakimiyyəti orqanlarının rəhbərlərinə bir həftə müddətində işçilərin optimallaşdırılması üzrə komissiyalar yaratmaq və ixtisar olunacaq vəzifələrin siyahısını təsdiq etmək tapşırılıb.
Həmçinin Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyi Həmkarlar İttifaqları Şurası ilə birlikdə ixtisar olunmuş məmurların yenidən işlə təmin olunması üçün tədbirlər görməlidir. Fərmanın icrası ilə bağlı məsuliyyət Baş nazir Abdulla Aripova həvalə edilib.