BAKI, 30 sentyabr. TELEQRAF
Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Baktıbek Bekbulatov Suriya və İraqdan uşaqların qaytarılmasına dair regional konfransda iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.
Onun sözlərinə görə, repatriasiya məsələləri ilə bağlı təcrübə mübadiləsi, psixososial dəstək, uşaqların təhsilə çıxışını təmin etmək məqsədilə keçirilən tədbirdə Qazaxıstan, Tacikistan və Özbəkistan nümayəndə heyətləri, Avropa İttifaqı, ABŞ təmsilçiləri, uşaqların müdafiəsi üzrə beynəlxalq ekspertlər iştirak ediblər.
Qeyd olunub ki, nümayəndələr reinteqrasiya proqramlarının səmərəliliyini təmin etmək və gələcək repatriasiyaya hazırlaşmaq üçün əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
2019-cu ildən bəri 1,6 mindən çox uşaq Mərkəzi Asiyaya qaytarılıb. Onların bir çoxu münaqişə zonalarında doğulub və ya böyüyüb, müxtəlif sahələrində ciddi çətinliklərlə üzləşib.
Özbəkistan hökuməti xaricdə (xüsusən də Suriya, İraq və Əfqanıstan kimi qaynar nöqtələrdə) qapalı qalan vətəndaşların, əsasən də uşaq və qadınların ağır şəraitdə vətənə qaytarılması üçün əməliyyat keçirir. 2019-cu ildən bəri bu əməliyyat çərçivəsində 531 Özbəkistan vətəndaşının vətənlərinə qayıtdığı rəsmən açıqlanıb.