BAKI, 29 sentyabr. TELEQRAF
Özbəkistan parlamentində İran-Özbəkistan parlamentlərarası dostluq qrupunun sədri Cavad Nikbin ilə görüş keçirilib.
Teleqraf xəbər verir ki, görüşdə son illər Özbəkistan və İran arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi, ikitərəfli münasibətlərin bütün sahələrində qarşılıqlı əlaqələrin fəallaşdığı, çoxtərəfli dialoqların möhkəmləndiyi vurğulanıb.
Qeyd olunub ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2023-cü ilin iyununda İrana rəsmi səfəri çərçivəsində Özbəkistan-İran münasibətləri hərtərəfli əməkdaşlıq səviyyəsinə yüksəlib.
Söhbət zamanı parlament sədrinin müavini Rəhimjon Hakimov qonaqlara “Özbəkistan - 2030” strategiyası çərçivəsində həyata keçirilən genişmiqyaslı islahatlar, parlamentin fəaliyyəti, onun komitə və komissiyalarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Həmçinin qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi, nəqliyyat, energetika, səhiyyə, mədəni-humanitar sahələrdə əlaqələrin yeni səviyyəyə qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.