BAKI, 25 sentyabr. TELEQRAF
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) davamlı kənd təsərrüfatı təcrübələrini inkişaf etdirmək və torpaqların şoranlığını azaltmaq üçün Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi ilə birgə tədqiqat layihəsinə başlayır.
Teleqraf xəbər verir ki, bu təşəbbüs çərçivəsində Özbəkistanda pambıq-buğda-qarğıdalı növbəli əkin sistemində kalium, kalsium, maqnezium və kükürdlə zəngin innovativ təbii mineral gübrə olan polihalitdən istifadə etməklə şoranlıq ərazilərdə beş illik təcrübə aparılacaq.
Müasir texnologiyaların tətbiqi ilə torpağın münbitliyinin və məhsuldarlığının artırılması, fermerlərə əməli tövsiyələrin verilməsi nəzərdə tutulur.
Layihə Özbəkistan və AEBA arasında elmi-praktik əməkdaşlığın möhkəmləndirilməsində mühüm addım olacaq, həmçinin ölkənin əsas ekoloji problemlərindən birinin - torpaqların şoranlaşmasının həllinə mühüm töhfə verəcək.
Bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri 2024-cü ilin dekabrında Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə AEBA baş direktoru Rafael Qrossinin görüşündə müzakirə olunub.