BAKI, 1 sentyabr. TELEQRAF
“Ukraynada böhran 2014-cü ildə Qərbin Kiyevdə təhrik etdiyi dövlət çevrilişi nəticəsində yaranıb”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammitində deyib.
“Bu böhran Rusiyanın Ukraynaya hücumu nəticəsində deyil, Ukraynada Qərbin dəstəklədiyi dövlət çevrilişi, daha sonra Ukraynanın regionlarda müqaviməti yatırmaq üçün silahlı qüvvələrdən istifadə cəhdləri və bu çevrilişi qəbul etməyən Ukrayna xalqının buna dəstək verməməsi nəticəsində yaranıb”, - dövlət başçısı bildirib.
Rusiya prezidenti iddia edib ki, Qərbin davamlı olaraq Kiyevi NATO-ya cəlb etmək cəhdləri Rusiya-Ukrayna münaqişəsinin “əsas səbəblərindən” biridir. O qeyd edib ki, münaqişə əsasən 2014-cü ildə Kiyevdə Qərbin təhrik etdiyi dövlət çevrilişinə görə yaranıb.
“Böhranın ikinci səbəbi Qərbin Ukraynanı NATO-ya cəlb etmək üçün davamlı cəhdləridir ki, bu, bizim dəfələrlə vurğuladığımız və uzun illər ərzində dediyimiz kimi, Rusiyanın təhlükəsizliyinə birbaşa təhdiddir”, - Putin vurğulayıb.
Rusiya prezidenti 2014-cü ildə baş vermiş dövlət çevrilişi nəticəsində Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyən ölkənin siyasi rəhbərliyinin kənarlaşdırıldığını da iddia edib.