BAKI, 23 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukraynadakı müharibəyə xərclənən yüz milyardlarla dollar iqtisadiyyatın inkişafına yönəldilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə amerikalı iş adamı Cared Kuşner “X” sosial şəbəkəsində paylaşım edib.
Kuşner Trampın “İstəklilər koalisiyası”na daxil olan ölkələrin liderləri ilə söhbəti zamanı səsləndirdiyi fikirləri açıqlayıb.
“Hazırda bu müharibəyə xərclənən yüz milyardlarla dollar əvəzində iqtisadiyyatlarımıza sərmayə kimi yatırıla bilərdi”, – Kuşner Trampın sözlərini çatdırıb.
Onun sözlərinə görə, həmin vəsait yeni iş yerlərinin yaradılmasına, iqtisadi artımın sürətləndirilməsinə, enerji qiymətlərinin aşağı salınmasına və infrastrukturun gücləndirilməsinə xidmət edə bilərdi.
Xatırladaq ki, Tramp bundan əvvəl Avropa liderlərini və Ukrayna Prezidenti Volodimir Zelenskini müharibənin başa çatdırılması üçün Rusiya ilə razılaşma əldə etməyə çağırmışdı.