BAKI, 6 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə Texasdakı Fort-Hud hərbi bazasında 13 nəfərin ölümünə səbəb olan silahlı hücuma görə məhkum edilmiş Nidal Malik Həsənin güllələnmə yolu ilə edam edilməsini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Şon Parnell məlumat verib.
Parnellin sözlərinə görə, ABŞ müdafiə naziri Pit Heqset güllələnmə yolu ilə edamı tövsiyə edib, Prezident Donald Tramp isə qərarı təsdiqləyib. Edamın vaxtı və yeri ABŞ Quru Qoşunları katibi tərəfindən müəyyən ediləcək.
Nidal Malik Həsən 2009-cu il noyabrın 5-də Fort-Hud hərbi bazasında atəş açaraq 13 nəfəri öldürüb, 30-dan çox insanı yaralayıb. O, 2013-cü ildə hərbi məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.
Həsənin edamı həyata keçirilərsə, bu, ABŞ ordusunda 1961-ci ildən bəri icra edilən ilk ölüm hökmü olacaq.