BAKI, 23 noyabr. TELEQRAF
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaruya kəskin bağırsaq keçməzliyi diaqnozu qoyulub.
Teleqraf xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı sabiq dövlət başçısının müalicə aldığı Braziliya şəhərindəki klinikanın tibbi bülleteninə istinadən məlumat yayıb.
Bildirilib ki, Bolsonaru hazırda reanimasiya şöbəsindədir. Onun vəziyyəti klinik baxımdan stabil qiymətləndirilir.
Sabiq prezident dərman müalicəsi alır, həkimlərin göstərişi ilə qida qəbul etmir və zəruri tibbi dəstəklə təmin olunur. Onun xəstəxanadan nə vaxt buraxılacağı hələ məlum deyil.
Bolsonaru noyabrın 20-də qarın nahiyəsində şiddətli ağrılardan şikayət etdikdən sonra xəstəxanaya yerləşdirilib.
Noyabrın 22-də sabiq prezidentin həyat yoldaşı Mişel Bolsonaru ərinin bir neçə gündən sonra ilk dəfə gecəni ağrısız keçirdiyini və qısa müddət gəzə bildiyini açıqlayıb.
Qeyd edək ki, Jair Bolsonaru dövlət çevrilişinə cəhd işi üzrə 27 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Səhhətindəki problemlərlə əlaqədar cəzasını ev dustaqlığı şəraitində çəkir.
2018-ci ildə seçki kampaniyası zamanı qarın nahiyəsindən bıçaqlanan Bolsonaru sonrakı illərdə əməliyyatdan sonra yaranan bitişmələrlə əlaqədar dəfələrlə xəstəxanaya yerləşdirilib.