BAKI, 23 noyabr. TELEQRAF

Türkiyədə Ağrı dağı yaxınlığında Nuhun gəmisinin axtarıldığı ərazidən tapılan ağac qalıqlarının təxminən 4 min il əvvələ aid olduğu müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Sivas Universitetinin professoru, Nuhun gəmisinin axtarışı üzrə beynəlxalq layihənin rəhbəri Cenkər Atilla “Cümhuriyyət” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ-də aparılan radiokarbon analizinin nəticələri ağac nümunələrinin eramızdan əvvəl 2400–2200-cü illərə aid ola biləcəyini göstərib.

“Dünən Amerika laboratoriyasından nəticələr gəldi. Müqəddəs kitablara görə, Ümumdünya daşqını təxminən eramızdan əvvəl 2300-cü ildə baş verib. Radiokarbon analizinin nəticələri bu dövrlə tam uyğun gəlir. Bu, bizim üçün çox mühüm və maraqlı nəticədir”, – professor bildirib.

Alim qeyd edib ki, tapıntıların mənşəyini dəqiqləşdirmək üçün İsveçrə və Türkiyədə aparılan analoji tədqiqatların nəticələri də gözlənilir.

Məlumata görə, insan əli ilə emal izləri daşıyan kömürləşmiş ağac parçaları iyunun 28-dən sentyabrın 30-dək aparılan qazıntılar zamanı Ağrı dağından təxminən 28 kilometr məsafədə yerləşən Durupınar ərazisində, qaya formasiyasının təxminən 9 metr dərinliyində aşkarlanıb.

Uzunluğu 164 metr olan bu geoloji formasiyanın ölçülərinin Əhdi-Ətiqdə təsvir edilən Nuhun gəmisinin ölçülərinə uyğun gəldiyi iddia olunur.

Bundan başqa, bu il həmin ərazidə daşqından əvvəlki dövrə aid ola biləcəyi ehtimal edilən gil qablar da tapılıb.

Qeyd edək ki, dini rəvayətlərə görə, Nuh peyğəmbər böyük daşqından xilas olmaq üçün Allahın əmri ilə gəmi inşa edib. Daşqın başa çatdıqdan sonra gəminin Ağrı dağları ərazisində quruya çıxdığı bildirilir.

Bununla belə, tapılan ağac qalıqlarının Nuhun gəmisinə məxsus olduğu elmi baxımdan təsdiqlənməyib.