BAKI, 4 oktyabr. TELEQRAF

Yaponiyanın Okinava prefekturasında 20 yaşlı ABŞ dəniz piyadası yerli sakinin qarət edilməsi və öldürülməsi şübhəsi ilə saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Məlumata görə, hərbçi Okinavada yerləşən ABŞ Dəniz Piyadaları Korpusunun Futemma aviabazasına təhkim olunub.

Polisin məlumatına görə, 39 yaşlı yerli qadının meyiti bölgədəki otellərdən birinin otağında aşkarlanıb. Təhlükəsizlik kameralarının görüntülərində şübhəli şəxsin qadınla birlikdə otağa daxil olduğu, bir müddət sonra isə oranı tək tərk etdiyi görünür.

Bundan başqa, qadının şəxsi əşyalarının itkin olduğu bildirilib. Polis hadisənin bütün təfərrüatlarını araşdırır.