BAKI, 3 oktyabr. TELEQRAF

ABŞ Rusiya ilə danışıqlarda öz gücünü unutmamalıdır, çünki Vladimir Putin düşünür ki, mümkün razılaşmanın şərtlərini özü müəyyən edir.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Reuters" agentliyinə müsahibəsində bildirib.

Zelenski müsahibədə Donald Tramp administrasiyasının müharibəni dayandırmaq niyyətinə inandığını, lakin Moskva ilə kompromis tapmaq cəhdlərinin effektivliyinə şübhə etdiyini bildirib. Onun sözlərinə görə, Moskva hələlik hərbi əməliyyatları dayandırmaq üçün heç bir istək göstərmədiyi üçün ABŞ Rusiya ilə ortaq məxrəc axtarmağa məcburdur.

“Mən onlara etibar edirəm. Eyni zamanda başa düşürəm ki, sakitləşmək istəməyən bu qədər güclü birini dayandırmaq çətindir. Buna görə də Rusiya ilə bəzi kompromislər tapmağa çalışırsınız. Amma düşünürəm ki, Rusiyanın kompromis oyununu oynasaq, vaxt itirəcəyik”, - deyə Zelenski bildirib.

Onun fikrincə, Tramp ABŞ-də ara seçkilərdən əvvəl müəyyən bir nəticə əldə etməkdə maraqlıdır: "Putin bu vəziyyətdən istifadə etməyə və hansı güzəştlərə razılaşacağını və hansı şərtləri rədd edəcəyini müstəqil şəkildə qərarlaşdırmağa çalışa bilər. Putin qərarları təkbaşına verə biləcəyini düşünməyə başlayıb".

Zelenski Vaşinqtonu iki ölkə arasındakı imkanlardakı fərqi nəzərə almağa çağırıb. "Amerika Rusiyadan yüz dəfə güclüdür. Şübhəsiz. Sadəcə bunu unutmamalıdırlar", - deyə o bildirib.

Zelenski həmçinin Putinin danışıqlar aparmaq və ya enerji infrastrukturuna hücumları dayandırmaq istəyinin əlamətini görmədiyini bildirib. Eyni zamanda, belə bir fürsət yaranarsa, G20 sammiti çərçivəsində sülh danışıqları üçün Rusiya prezidenti ilə görüşməyə hazır olduğunu təsdiqləyib.

Ukrayna prezidenti həmçinin müharibə bitənə qədər ABŞ və Rusiya arasında münasibətlərin normallaşdırılmasına qarşı çıxıb. Onun sözlərinə görə, Moskva ilə iqtisadi və diplomatik əlaqələrin bərpası sülhün əldə edilməsi ilə əlaqələndirilməlidir: "Sülh istənilən iqtisadiyyatdan daha vacibdir".