BAKI, 4 oktyabr. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi gələcək müharibələrin xarakterinin necə dəyişə biləcəyini araşdırır və bu çərçivədə Ayətrafı hərbi sistemlər də daxil olmaqla yeni layihələrə mümkün xərcləri nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset Koloradodakı ABŞ Hərbi Hava Qüvvələri Akademiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Pentaqon “Müharibələrin gələcəyi” təşəbbüsünü başladıb. Layihə çərçivəsində növbəti 5, 10, 15 və 20 il ərzində hərbi əməliyyatlar üçün hansı texnologiyalara ehtiyac duyulacağı araşdırılır.

Heqset Ayətrafı sistemlər, kosmik əsaslı sistemlər, yeraltı sistemlər və sualtı qayıqların gələcək hərbi imkanlar sırasında nəzərdən keçirildiyini bildirib.

Nazir qeyd edib ki, təşəbbüsə sənayenin aparıcı mütəxəssisləri cəlb olunub. Onun sözlərinə görə, məqsəd gələcək müharibələr üçün bu gün hazırlanan büdcə və layihələrin real təsir göstərə bilməsini təmin etməkdir.

Heqset həmçinin “Avtonom hərbi komandanlıq” təşəbbüsündən danışıb. Bu layihə robototexnika və süni intellekt sahəsində işlənmələri əhatə edir. O bildirib ki, sistemlərin yüksək effektivliyi ilə avtonomluğunun birləşdirilməsi gələcək hərbi əməliyyatların əsas istiqamətlərindən biri olacaq.