BAKI, 3 oktyabr. TELEQRAF

Holland postimpressionist rəssam Vinsent van Qoqun həyatının son iki ayında çəkdiyi “Şabalıd çiçəkləri” əsəri ictimaiyyətə nümayiş etdiriləcək, daha sonra Nyu-Yorkda “Sotheby’s” hərracına çıxarılacaq.

Teleqraf xəbər verir ki, əsərin 180 milyon dollar dəyərində olduğu təxmin edilir.

Van Qoqla birlikdə Pol Sezann və Klod Mone kimi rəssamların da 11 əsəri hərraca çıxarılacaq.

Holland rəssam “Şabalıd çiçəkləri” əsərini 1890-cı ilin mayında Fransanın Over-sür-Uaz kəndində çəkib. Bir neçə həftə sonra rəssam vəfat edib. Onun bu dövrə aid əsərlərinin əksəriyyəti hazırda dünyanın aparıcı muzeylərində saxlanılır. Amma “Şabalıd çiçəkləri” 2020-ci ildə vəfat etmiş argentinalı kolleksiyaçı Nelli Arrieta de Blakierin kolleksiyasından impressionizm və modernizmə aid 12 əsərdən biridir.

“Sotheby’s”in impressionist və modern incəsənət üzrə keçmiş direktoru Filip Huk kolleksiyanın alıcılar üçün nümayiş etdirilməsini “tarixi məqam” adlandırıb.

“Sotheby’s”in hərracında Pol Sezanın XIX əsrin sonlarında çəkilmiş “Arlekin” əsəri də satılacaq. Əsərin 150 milyon dollar dəyərində olduğu təxmin edilir. Bu əsərlərlə yanaşı, Kamil Pissarro, Pyer-Ogüst Renuar, Edqar Deqa, Klod Mone, Pol Qogen, Alfred Sisley, Andre Deren, Anri de Tuluz-Lotrek və Moris de Vlaminkin daha 10 əsəri də hərraca çıxarılacaq.

Ümumilikdə rəsmlərin 450 milyon dollardan çox gəlir gətirəcəyi gözlənilir. Onların bəziləri artıq Londonda “Sotheby’s”də nümayiş etdirilib. Daha sonra bir neçə əsər Nyu-Yorkdakı hərracdan əvvəl Taybey, Honq-Konq və Parisdə nümayiş etdiriləcək.

Van Qoqun “Şabalıd çiçəkləri” əsərini oktyabrın 13-dən 15-dək Honq-Konqda, oktyabrın 19-dan 23-dək isə Parisdə görmək mümkün olacaq.

Holland rəssam Over-sür-Uazda şabalıd ağaclarını təsvir edən ən azı dörd mühüm əsər yaradıb. Bunların ərsəyə gəlməsi onun Sen-Remi-de-Provansdakı psixiatriya xəstəxanasından çıxdıqdan sonrakı nikbin və enerjili dövrünə təsadüf edir.

Van Qoqun 1890-cı ilin iyulunda ölümündən sonra “Şabalıd çiçəkləri” qardaşı Teoda qalıb. Əsərin sonrakı sahiblərindən biri “Baddi” ləqəbli Corc Qard de Silva “Capitol Records”un həmtəsisçisi, amerikalı mahnı yazarı və kino prodüseri idi. Bu, Van Qoqun Overdə yaratdığı və hazırda ayrı-ayrı şəxslərin əlində olan cəmi səkkiz əsərindən biridir.