BAKI, 22 sentyabr. TELEQRAF

Yeni atom elektrik stansiyası layihələrinin (AES) hazırlanmasına cavabdeh olan Türkiyənin Nüvə Enerjisi Şirkəti (TÜNAŞ) ilə ABŞ-nin Ticarət və İnkişaf Agentliyi (USTDA) birgə layihə həyata keçirəcək.

Teleqraf xəbər verir ki, TÜNAŞ və USTDA arasında layihə əsaslı saziş imzalanıb.

Nyu-Yorkda “Türkevi”ndə keçirilən imzalanma mərasimində Türkiyənin enerji və təbii Sərvətlər naziri Alparslan Bayraktar da iştirak edib. Sazişi TÜNAŞ-ın baş direktoru Necati Yamaç və USTDA-nın direktor müavini Tomas Hardi imzalayıb.

Saziş çərçivəsində 4 ABŞ şirkətinin kiçik modul (SMR) və 5 müxtəlif 4-cü nəsil reaktor layihələri texniki, iqtisadi, qanunvericilik və lisenziyalaşdırma baxımından qiymətləndiriləcək.

Aparılacaq texniki araşdırmada sözügedən reaktorların konstruktiv xüsusiyyətləri, xərcləri, lisenziyalaşdırma vəziyyəti, təchizat zənciri və SWOT təhlili, maliyyə mənbələri və maliyyələşdirmə modelləri araşdırılacaq. Həmçinin icazələrin verilməsi, fövqəladə hallar, layihə təhlükəsizliyi, ərazi seçimi və hüquqi çərçivə məsələləri də araşdırılacaq.

Bütün bu təhlillərdən sonra texniki hesabatlar hazırlanacaq. Təxminən 2 milyon dollar büdcəli saziş çərçivəsində ən azı bir il davam edəcək texniki araşdırmanın xərclərini USTDA qarşılayacaq.