BAKI, 11 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Nyu-Cersi ştatının Bedminster şəhərində qolf oynayarkən onun təhlükəsizliyini təmin etmək üçün əraziyə AN/TWQ-1 “Avenger” zenit-raket kompleksləri yerləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə “The War Zone” (TWZ) portalı məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan fotolarda Trampın qolf oynadığı ərazinin yaxınlığında tikanlı məftillər və ABŞ ordusuna məxsus “Avenger” hava hücumundan müdafiə sistemlərinin olduğu görünür. Ağ Ev rəsmiləri görüntülərin həqiqiliyini təsdiqləyiblər.
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) da “Avenger” komplekslərinin ABŞ Prezidentinin müdafiəsi məqsədilə istifadə edildiyini təsdiqləyib. Lakin qurum belə təhlükəsizlik tədbirlərinin nə dərəcədə geniş tətbiq edildiyi barədə məlumat verməyib.
Eyni gün ABŞ-nin F-16 qırıcıları Trampın olduğu Bedminster qolf klubunun üzərində tətbiq edilən uçuş məhdudiyyətlərini pozan bir neçə təyyarənin qarşısını alıb.
Qeyd edək ki, Tramp daha əvvəl bir neçə sui-qəsd cəhdinin hədəfi olub. Bu səbəbdən ABŞ Prezidentinin iştirak etdiyi tədbirlərdə təhlükəsizlik tədbirləri gücləndirilib.