BAKI, 11 avqust. TELEQRAF
Almaniyanın xarici işlər naziri Yohann Vadeful İranı ABŞ və region ölkələri ilə konstruktiv danışıqlara başlamağa çağırıb.
Teleqraf xəbər verir ki, Vadeful iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığından sonra “X” sosial şəbəkəsində bildirib ki, münaqişənin dayandırılması üçün Tehran danışıqlar prosesinə qoşulmalıdır.
“Əraqçi ilə telefon danışığı zamanı İranı münaqişəyə son qoymaq üçün regiondakı qonşuları və ABŞ ilə konstruktiv danışıqlara başlamağa çağırdım. Hörmüz boğazı heç bir şərt irəli sürülmədən açılmalı, bütün gəmilər üçün sərbəst və təhlükəsiz hərəkət təmin edilməlidir”, - Almaniya XİN rəhbəri bildirib.
Qeyd edək ki, avqustun 5-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehran və Maskatın Hörmüz boğazından keçəcək yeni marşrutun coğrafi koordinatlarını razılaşdırdığını açıqlayıb. O, boğazın açılması məsələsinin ABŞ-nin atacağı addımlardan asılı olduğunu bildirib.