BAKI, 11 avqust. TELEQRAF
Avropada kokain ticarətinin təxminən üçdə birinə nəzarət etməkdə ittiham olunan Daniel Kinahan Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) İrlandiyaya ekstradisiya edildikdən sonra yüksək təhlükəsizlikli Portlaoise həbsxanasında saxlanılır.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
49 yaşlı Kinahanın Dubaydakı dəbdəbəli həyatından sonra həbsxanada gündə təxminən 20 saatını kamerada keçirdiyi bildirilir. O, digər məhbuslardan ayrı saxlanılır və idman zalı, kitabxana və gəzinti meydançasından tək istifadə edir.
Nəşrin məlumatına görə, Kinahanın yerləşdirildiyi bölmədə təhlükəsizlik tədbirləri gücləndirilib. Onun digər məhbuslarla təmasının qarşısının alınması nəzərdə tutulur. Ailəsi ilə videozəng vasitəsilə əlaqə saxlamasına icazə veriləcək, həbsxanaya gələn ziyarətçilərlə görüşləri isə şüşə arakəsmə arxasında keçiriləcək.
Kinahan apreldə İrlandiyanın orderi əsasında Dubayda saxlanılıb. Ekstradisiya prosesindən sonra avqustun 9-da İrlandiyaya gətirilərək mütəşəkkil cinayətkar qrupa rəhbərlik etməkdə ittiham olunub.
ABŞ hakimiyyəti daha əvvəl Kinahanın həbsinə və ya məhkum edilməsinə səbəb olacaq məlumat üçün 5 milyon dollara qədər mükafat təklif etmişdi. ABŞ Maliyyə Nazirliyi onun rəhbərlik etdiyi iddia olunan qruplaşmanı beynəlxalq mütəşəkkil cinayətkarlıqla əlaqələndirib.
Kinahan ona qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilinməyib və qanun qarşısında günahsız hesab olunur.
Onun oktyabrın 5-də yenidən məhkəmə qarşısına çıxacağı gözlənilir.