BAKI, 11 avqust. TELEQRAF
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Suriyadakı məxfi obyektdə saxlanılan nüvə materiallarını ölkədən çıxaracağı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Mənbələrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası Suriya və İsrail tərəfləri ilə aparılan məsləhətləşmələr nəticəsində bununla bağlı razılığa gəlib.
Razılaşmaya əsasən, MAQATE əməkdaşları Suriyadakı məxfi obyektdə saxlanılan nüvə materiallarını, o cümlədən uran konsentratını çıxaracaqlar. Prosesin 2026-cı ilin sonunadək həyata keçirilməsi gözlənilir.
“Axios” yazır ki, İsrail sözügedən obyekti izləyib və nüvə materiallarının oradan çıxarılmasını tələb edib. İsrail tərəfinin əks halda obyektə zərbə endirmək imkanını nəzərdən keçirdiyi bildirilir.
Portalın məlumatına görə, ABŞ administrasiyası təxminən üç həftə əvvəl Suriya hakimiyyəti ilə materialların MAQATE tərəfindən çıxarılmasına dair razılıq əldə edib. Bildirilir ki, bu addım İsrail, Suriya və ehtimalən Türkiyənin də iştirak edə biləcəyi gərginliyin qarşısının alınmasına imkan verib.
Qeyd edək ki, “Axios”un məlumatına əsasən, keçmiş Suriya Prezidenti Bəşər Əsədin hakimiyyəti dövründə ölkədə nüvə proqramı ilə əlaqəli bir sıra obyektlər fəaliyyət göstərib. Deyr əz-Zor vilayətində yerləşən reaktor isə 2007-ci ildə İsrail aviasiyasının zərbəsi nəticəsində məhv edilib.