BAKI, 11 avqust. TELEQRAF
İspaniya hakimiyyəti avqustun 12-də baş verəcək tam Günəş tutulmasını izləmək üçün yüz minlərlə insanın ölkənin müxtəlif bölgələrinə axışmasının meşə yanğınları riskini artıra biləcəyi barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
İspaniyanın ətraf mühit naziri Sara Aagesen bildirib ki, uzunmüddətli istilər və yağıntıların azlığı səbəbindən bitki örtüyü son dərəcə quruyub.
“Bitki örtüyü həddindən artıq qurudur. Ən kiçik qığılcım və ya ehtiyatsızlıq dağıdıcı meşə yanğınlarına səbəb ola bilər”, – nazir bildirib.
İspaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, Günəş tutulmasını izləmək məqsədilə ölkəyə əlavə 460 min xarici turistin gələcəyi gözlənilir. Polis isə həmin gün avtomobillərlə təxminən 1,5 milyon əlavə səfərin həyata keçiriləcəyini proqnozlaşdırır. Bu səbəbdən mümkün yanğınlar zamanı təcili yardım və yanğınsöndürən maşınların hərəkətinin çətinləşə biləcəyi ilə bağlı narahatlıq var.
Təhlükəsizlik tədbirləri çərçivəsində avtomobillərin quru bitki örtüyünün yaxınlığında və yol kənarlarında saxlanılması, həmçinin manqal qalamaq və fişənglərdən istifadə qadağan edilib. Valensiyada isə təbiət parkları bağlanıb və kənd ərazilərindəki piyada marşrutlarına giriş məhdudlaşdırılıb.
İspaniyanın AEMET meteorologiya agentliyinin məlumatına görə, 2026-cı ilin iyul ayı ölkənin materik hissəsində 1961-ci ildən aparılan müşahidələr tarixində ən isti iyul aylarından biri olub. Eyni zamanda, cəmi 4,3 millimetr yağıntı ilə ən quraq iyul qeydə alınıb.
Tam Günəş tutulmasını izləmək üçün İspaniyanın şimal bölgələri Avropanın ən əlverişli məkanlarından hesab olunur. Tutulmanın Atlantik okeanı sahilindəki A-Korunyadan Aralıq dənizindəki Malyorkaya qədər təxminən 200 kilometr enində zolaq boyunca daha yaxşı müşahidə ediləcəyi bildirilir.
ABŞ-nin NASA agentliyi isə İspaniyanın şimal-qərbində yerləşən Villalibado kəndində dörd güclü teleskop quraşdırıb. Buradan Günəş tutulmasının 10 milyondan çox izləyici üçün canlı yayımlanması planlaşdırılır.