BAKI, 10 iyun. TELEQRAF

ABŞ-nin Kanzas ştatının dairə məhkəməsi amerikalı Duqlas Edvard Robertsonu Rusiyaya aviasiya avadanlığının qanunsuz ixracı işi üzrə 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib.

Teleqraf xəbər verir ki, bu barədə məhkəmənin elektron məlumat bazasında dərc olunan sənədlərdə bildirilib.

Qərara əsasən, hakim Daniel Krebtri Robertsonun həmçinin 10 min dollar məbləğində cərimə ödəməsinə hökm verib. Məlumata görə, təqsirləndirilən şəxs daha əvvəl istintaqla əməkdaşlıq barədə razılığa gəlib.

Duqlas Robertson 2023-cü ilin mart ayında saxlanılıb. İş üzrə digər təqsirləndirilən şəxslər ABŞ vətəndaşı Kirill Buyanovski və Latviya vətəndaşı Oleq Çistyakovdur.

İstintaqın versiyasına görə, onlar ABŞ istehsalı olan aviasiya avadanlıqlarının Rusiyadakı müştərilərə çatdırılması məqsədilə cinayətkar sövdələşmədə iştirak ediblər.

Bu ilin mart ayında Oleq Çistyakov 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Kirill Buyanovski ilə bağlı hökmün isə iyulun 28-də elan olunacağı gözlənilir.