BAKI, 9 sentyabr. TELEQRAF
ABŞ kiberfırıldaqçılıqla mübarizə adı altında Çinin "Xinbi Guarantee" onlayn platformasına qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
Sənəddə qeyd edilir: "Xinbi Guarantee" kiber fırıldaqçılıq, çirkli pulların yuyulması və amerikalıları hədəf alan digər qanunsuz fəaliyyətləri dəstəkləmək üçün istifadə edilən qanunsuz onlayn bazardır".
ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, 2022-ci ildə yarandığı gündən bəri "Xinbi Guarantee" təxminən 24 milyard dollarlıq onlayn aktivlərin köçürülməsi üçün istifadə olunub.
Onlayn platformanın özü ilə yanaşı, onun fəaliyyətinə kömək etdiyi iddia edilən iki hüquqi şəxs ABŞ-nin sanksiya siyahısına əlavə edilib. Bunlar Sinqapurda yerləşən "SafeW Technology" və Kambocada yerləşən "Anwen Technology" şirkətləridir.
Sanksiya siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının bu qurumlarla əməkdaşlığının qadağan edilməsini nəzərdə tutur.