BAKI, 10 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Uilyam Pulti iyunun 19-dan etibarən ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinin icrasına başlayacaq.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

ABŞ liderinin sözlərinə görə, istefa verən Milli Kəşfiyyat direktoru Tulsi Qabbardla sıx əməkdaşlıq edən Pulti gələn həftədən yeni vəzifəsinə başlayacaq.

Tramp qeyd edib ki, Uilyam Pulti eyni zamanda Federal Mənzil Maliyyələşdirmə Agentliyinin rəhbəri və Fannie Mae/Freddie Mac ipoteka agentliklərinin sədri postlarını da qoruyub saxlayacaq.

ABŞ Prezidenti onun namizədliyini iyunun 2-də irəli sürmüşdü. Trampın siyasi rəqibləri isə bu qərarı tənqid edərək Pultinin kəşfiyyat sahəsində kifayət qədər təcrübəyə malik olmadığını və eyni vaxtda iki mühüm vəzifəni icra etməsinin çətin olacağını bildirmişdilər.

Qeyd edək ki, mayın 22-də Donald Tramp Milli Kəşfiyyat direktoru Tulsi Gabbardın vəzifəsindən ayrıldığını təsdiqləmişdi. Qabbard istefasını həyat yoldaşının müalicə prosesi zamanı ona tam dəstək vermək istəyi ilə əlaqələndirmişdi.

Milli Kəşfiyyat direktoru ABŞ-nin 18 kəşfiyyat qurumunun fəaliyyətinin koordinasiyasına cavabdeh əsas vəzifəli şəxs hesab olunur.