BAKI, 9 iyun. TELEQRAF
ABŞ-nin federal hakimi Donald Tramp administrasiyasının H-1B iş vizaları üçün tətbiq etdiyi 100 min dollarlıq rüsumu qanunsuz hesab edərək ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Boston Federal Məhkəməsinin hakimi Leo Sorokin qərarında bildirib ki, Trampın tətbiq etdiyi ödəniş cərimə deyil, Konqres tərəfindən təsdiqlənməyən vergi xarakteri daşıyır və prezidentin belə bir rüsum tətbiq etmək səlahiyyəti yoxdur.
İddia 20 demokrat ştatın baş prokurorları tərəfindən qaldırılıb. Onlar ötən ilin sentyabrında elan edilən və xüsusilə texnologiya sektorunda fəaliyyət göstərən şirkətlər üçün xarici mütəxəssislərin işə qəbul xərclərini kəskin artıran qərara etiraz ediblər.
Hakim qərarında qeyd edib ki, 100 min dollarlıq ödənişin mahiyyəti və tətbiqi onun vergi olduğunu göstərir.
“100 min dollarlıq ödənişin mahiyyəti və tətbiqi, ona hansı adın verilməsindən asılı olmayaraq, bunun vergi olduğunu göstərir”, - Sorokin vurğulayıb.
Ağ Ev isə qərarla razılaşmadığını bildirib. Prezident administrasiyasının sözçüsü Teylor Rocers Trampın ABŞ maraqlarına zidd hesab etdiyi əcnəbilərin ölkəyə girişini məhdudlaşdırmaq üçün qanuni səlahiyyətlərə malik olduğunu deyib və qərardan apellyasiya şikayəti veriləcəyini açıqlayıb.
Qeyd edək ki, H-1B proqramı ABŞ şirkətlərinə yüksək ixtisaslı xarici mütəxəssisləri işə cəlb etməyə imkan verir. Proqram çərçivəsində hər il 65 min əsas kvota, magistr və daha yüksək akademik dərəcəyə malik şəxslər üçün isə əlavə 20 min viza ayrılır.
Tramp administrasiyası rüsumu tətbiq edərkən H-1B proqramının amerikalı işçilərin maraqlarına zərər vurduğunu bildirmişdi. Lakin qərarın qüvvədə olduğu müddətdə bu rüsumu ödəyən işəgötürənlərin sayı məhdud olub.
Kaliforniya ştatının baş prokuroru Rob Bonta məhkəmə qərarını alqışlayaraq bildirib ki, sözügedən vergi ABŞ iqtisadiyyatına töhfə verən yüksək ixtisaslı mütəxəssislərin ölkəyə cəlb edilməsinə mane olurdu.