BAKI, 9 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hazırda Ədliyyə Nazirliyinə rəhbərlik edən Todd Blanşın nazir vəzifəsinə təsdiqlənməsi üçün onun namizədliyini Senata təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, ABŞ-də Baş Prokurorluq funksiyalarını yerinə yetirən Ədliyyə Nazirliyinin rəhbəri postuna Todd Blanşın namizədliyi artıq Senatın baxışına göndərilib.
Blanşın vəzifəyə təsdiqlənməsi üçün əvvəlcə Senatın Hüquq Komitəsi onun namizədliyini dəstəkləməli, daha sonra isə məsələ ABŞ Konqresinin yuxarı palatasının ümumi səsverməsinə çıxarılmalıdır.
Donald Tramp Todd Blanşı bu il aprelin 2-də Ədliyyə Nazirliyinin müvəqqəti rəhbəri təyin etmişdi. Bu qərar nazirliyin əvvəlki rəhbəri Pem Bondinin istefasından sonra qəbul olunmuşdu.
“The New York Times” qəzetinin yazdığına görə, Bondinin istefasının əsas səbəblərindən biri maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərin dərc olunması prosesində atdığı addımlar olub. Epşteyn yetkinlik yaşına çatmayan şəxslərlə bağlı cinayətlərdə ittiham olunurdu.