BAKI, 30 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp keçmiş FTB direktoru Ceyms Komi və onun kimilərinin ölkədə siyasətçilər üçün ciddi təhlükə formalaşdırdığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp Komiyə qarşı irəli sürülən ittihamları şərh edərək deyib ki, o və ona bənzər şəxslər siyasi fiqurlar üçün böyük risk yaradıb. ABŞ lideri Komini “korrupsiyaya qurşanmış hüquq-mühafizə əməkdaşı” adlandırıb və onun seçkilərə müdaxilə etdiyini iddia edib.
Trampın sözlərinə görə, Komi 2016-cı il prezident seçkilərində Demokratlar Partiyasının namizədi Hillari Klintona üstünlük verməyə çalışıb.
Məlumata görə, Komi bir neçə saat əvvəl Virciniya ştatının Aleksandriya şəhərində federal məhkəmə qarşısına çıxıb. 2013–2017-ci illərdə FTB-yə rəhbərlik etmiş sabiq direktor dövlət başçısına qarşı təhdid xarakterli açıqlama verməkdə ittiham olunur.
İttihamın əsasını Kominin 2025-ci ilin mayında sosial şəbəkədə paylaşdığı foto təşkil edir. Həmin görüntüdə qum üzərində balıqqulaqları ilə düzülmüş “86” və “47” rəqəmləri əks olunub. Qeyd edilir ki, “86” rəqəmi slenqdə kimdənsə qurtulmaq mənası verə bilər, Tramp isə ABŞ-ın 47-ci prezidentidir.
Məhkəmə iclası 10 dəqiqədən az davam edib. Komi çıxış etməyib və heç bir şərt qoyulmadan sərbəst buraxılıb. Onun vəkilləri isə bu işi ABŞ Ədliyyə Nazirliyi tərəfindən seçmə və qərəzli təqib kimi qiymətləndirərək şikayət verəcəklərini açıqlayıblar.