BAKI, 5 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinin İranın dağlıq ərazisində ağır yaralı F-15 pilotunu xilas etdiyini bildirib.
Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə "Truth Social" sosial şəbəkəsində məlumat paylaşıb.
Trampın sözlərinə görə, xilas edilən hərbçi polkovnik rütbəsini daşıyır. O, əməliyyatın kritik anlarını belə təsvir edib: "İran hərbçiləri böyük qüvvə ilə axtarış aparırdılar və pilota çox yaxınlaşmışdılar".
Prezident bu cür reydlərin hərbi baxımdan yüksək risk daşıdığını vurğulayıb:
"Bu növ reydlər həm şəxsi heyət, həm də texnika üçün həddindən artıq təhlükəli olduğundan çox nadir hallarda cəhd edilir. Belə hadisələr, sadəcə, baş vermir! Bu, artıq ikinci reyd idi. İlk əməliyyatda isə biz pilotu günün günorta çağı xilas etdik, bu da olduqca qeyri-adi hadisədir. Həmin vaxt hərbçilərimiz İran səmasında yeddi saat vaxt keçirməli oldular".
Qeyd edək ki, ABŞ-nin bu xüsusi əməliyyatları regionda gərginliyin ən yüksək həddə çatdığı bir vaxtda, İran daxilində həyata keçirilən ən mürəkkəb xilasetmə missiyalarından biri kimi qiymətləndirilir.