BAKI, 3 aprel. TELEQRAF
ABŞ prezidenti Donald Trumpın doğumla vətəndaşlıq hüququnu məhdudlaşdırmağa yönəlmiş təşəbbüsü ABŞ Ali Məhkəməsində ciddi suallar doğurub.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilir ki, hakimlərin əksəriyyəti bu təşəbbüsün hüquqi əsaslarını şübhə altına alıb.
Qeyd olunur ki, məsələ ABŞ Konstitusiyasının 14-cü düzəlişi ilə bağlıdır. Həmin müddəaya əsasən, ABŞ ərazisində doğulan şəxslərə, müəyyən istisnalar istisna olmaqla, vətəndaşlıq verilir.
Məlumata əsasən, Tramp administrasiyası bu qaydanı dəyişərək valideynləri ABŞ vətəndaşı və ya daimi yaşayış icazəsi olmayan uşaqlara vətəndaşlıq verilməməsini nəzərdə tuturdu.
Bildirilir ki, aşağı instansiya məhkəməsi artıq bu qərarı Konstitusiyaya zidd hesab edərək bloklayıb. Ali Məhkəmə isə məsələ ilə bağlı yekun qərarı yaxın aylarda açıqlayacaq.
Ekspertlər qeyd edir ki, bu iş Trampın immiqrasiya siyasətinə ciddi zərbə vura bilər.