BAKI, 28 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp NATO-nun maliyyə tələblərini yerinə yetirməyən üzvlərin “cəzalandırılmasına” yönəlmiş yenidən təşkilatlanmanı nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
Məlumata görə, ABŞ Prezidenti “ödə və iştirak et” modelini müzakirə edir. Bu yanaşma müttəfiqlərin, o cümlədən alyansın müharibəyə qoşulması kimi qərarlarda iştirak imkanlarını məhdudlaşdıra bilər.
Nəşr qeyd edir ki, prezidentə yaxın mənbələr onun ABŞ qoşunlarının Almaniyadan çıxarılması imkanını da qiymətləndirdiyini bildirib.
“Avropalılarla bağlı narazılığımız çox real idi. 5% səviyyəsində ödəniş etməyən ölkələrə NATO-nun gələcək xərcləri ilə bağlı səsvermədə iştirak etməyə icazə verilməməlidir”, – deyə administrasiya nümayəndəsi bildirib.
Qeyd edək ki, hazırda NATO üzvü olan bütün ölkələr müdafiəyə ÜDM-in azı 2%-ni xərcləyir. Bu hədəf əvvəllər Donald Tramp tərəfindən irəli sürülüb. Alyansın baş katibi Mark Rutte isə bildirib ki, liderlər ilin sonunda Ankarada keçiriləcək sammitdə növbəti – 5%-lik hədəfə çatmaq üçün planlar hazırlamalıdırlar.
Donald Tramp tərəfindən nəzərdən keçirilən təkliflərə əsasən, yeni maliyyə hədəfinə cavab verməyən NATO müttəfiqləri alyansın genişlənməsi, birgə missiyalar və qarşılıqlı müdafiəni nəzərdə tutan 5-ci maddənin tətbiqi ilə bağlı qərarların qəbulundan kənarlaşdırıla bilər.