BAKI, 28 mart. TELEQRAF

ABŞ-nin müdafiə naziri Pit Heqset iki qaradərili kişi və iki qadının general rütbəsinə yüksəldilməsinə qarşı çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” nəşri mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, həmin zabitlər briqada generalı rütbəsi üçün nəzərdən keçirilən namizədlər siyahısında yer alırdı. Mənbələr iddia edir ki, Heqsetin qərarı onların peşəkar keyfiyyətlərindən deyil, irq və cins amillərindən qaynaqlanır.

Pentaqon rəhbəri bir neçə ay ərzində bu adların irəli çəkilən siyahıdan çıxarılmasını tələb edib. O, ABŞ Quru Qoşunlarının naziri Dan Driskol ilə də bu məsələni müzakirə etsə də, Driskol bununla razılaşmayıb.

Qeyd olunur ki, təxminən otuz zabitin daxil olduğu siyahıda əsasən ağdərili kişilər yer alır.