BAKI, 3 fevral. TELEQRAF
“ABŞ-nin Rusiya Prezidenti Vladimir Putini sülh danışıqları masasına oturtmaq üçün göstərdiyi təzyiq nəticə vermir”.
Teleqraf xəbər verir ki, bunu amerikalı senator Lindsi Qrem deyib.
“Ovqatından bəllidir ki, Putini danışıqlar masasına oturtmaq və Ukraynaya qarşı kütləvi hücumları dayandırmaq üçün göstərdiyimiz təzyiq işə yaramır. Prezident Trampın Putinin hərbi maşınını dəstəkləyən neft alıcılarını hədəfə almaq ideyası ABŞ və Avropa tərəfindən həyata keçirilməlidir”, - o vurğulayıb.
Qrem bildirib ki, ABŞ neft şirkətləri və neft emalı zavodlarını hədəfə alaraq Rusiya iqtisadiyyatına ciddi zərbə vurub. O xatırladıb ki, Hindistan yaxın vaxtlarda Rusiya neftini almağı dayandıracağına söz verib.
Qrem Trampı Ukraynaya “Tomahawk” raketlərinin tədarükü prosesinə başlamağa çağırıb. Onun sözlərinə görə, bu silahlar döyüş meydanındakı vəziyyəti dəyişməyə və Putini danışıqlar masasına oturmağa məcbur etməyə kömək edəcək.
“Yaxın günlər və həftələrdə Putinə təzyiqi artırmalıyıq. Aqressiyaya həddindən artıq mükafat kimi qəbul ediləcək istənilən danışıqlar bütün dünyada fəlakətlərə gətirib çıxaracaq. Əgər danışıqlar azad, güclü və müstəqil Ukraynanın yaradılmasına gətirib çıxararsa, dünya xeyli daha sabit olacaq”, - senator qeyd edib.